Dekabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna start verilib.

Başa çatan 8 oyundan sonra daha 2 klub pley-offa vəsiqə qazanıb.

C qrupunda İngiltərənin “Mançester Siti” klubundan sonra Portuqaliyanın “Portu” klubu da mərhələ adlayıb. Evdə “şəhərlilər”lə qolsuz heç-heçə edən “əjdahalar” səkkizdəbir finala yüksəlib.

D qrupunda İngiltərənin “Liverpul” klubu Niderlandın “Ayaks” klubunu minimal hesabla məğlub edərək, sona 1 tur qalmış növbəti mərhələyə çıxmağı təmin edib. Qrupun digər oyununda “Atalanta” və “Midtüllan“ klubları qarşılaşıb. Həmin görüşdə qalib müəyyənləşməyib - 1:1.

B qrupunda yer alan, turnirin favoriti sayılan “Real Madrid” klubu səfərdə Ukraynanın “Şaxtyor Donetsk” komandasının qonağı olub. “Olimpiyskiy” stadionunda baş tutan görüş gözlənilmədən meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Donetsk təmsilçisinin heyətində Detinyo və Manor Solomon fərqləniblər.

Qrupun digər oyununda “İnter” səfərdə “Borussiya Mönhenqladbax” klubunu 3:2 hesabı ilə məğlub edib.